Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jan 29, 2026

20 min

Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir.
Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.

Jan 26, 2026

14 min

Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir.
Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.

Jan 22, 2026

11 min

Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır.
Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır.
Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.

Jan 19, 2026

14 min

Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür.
Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik.
Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.

Jan 15, 2026

18 min

ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir.
Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.

Jan 12, 2026

16 min

Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır. 
Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub.
Xarici siyasətdə təcridçiliyə meylli olan hazırkı ABŞ administrasiyasının hakimiyyəti dövründə isə bu fikir ayrılıqları daha da kəskinləşib.

Dec 8, 2025

11 min

Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir. 
Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqdan başlayır: kimin üçün danışırıq, onların ehtiyac və dəyərləri nədir. Bu məlumatlar əsasında vizual üslub və mesajlar davamlı olmalıdır ki, brend tanına bilsin. 

Dec 4, 2025

8 min

Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir.
Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.

Dec 1, 2025

18 min

Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır.
“Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər.
Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.

Nov 27, 2025

21 min

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq.
Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir.
Şirin Məlikovanın fikrincə, son illərdə Azərbaycanda muzeyləri ziyarət edənlərin sayının artması və bu ziyarətçilər arasında gənclərin payının yüksəlməsi ölkənin gələcəyi üçün ümidverici bir göstəricidir.

Version: 20241125