Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Nov 24, 2025

24 min

Yeni videomuzda sosial elmlər üzrə tədqiqatçı və tarixçi Murad Quliyev “diaspora” anlayışının mahiyyətini, bu anlayışın zamanla necə dəyişdiyini və bu gün niyə böyük əhəmiyyət kəsb etdiyini izah edir.
“Diaspora” sözü ilk dəfə İsraildən kənarda yaşayan yəhudiləri təsvir etmək üçün istifadə olunsa da, XX əsrdən etibarən bu anlayış artıq vətənindən kənarda yaşayan istənilən etnik qrupa şamil olunmağa başladı.
Qonağımız nitqində alimlərin diaspora haqda fikirləri ilə yanaşı, tarixi vətənindən kənarda yaşayan icmaların xüsusiyyətlərini, həmçinin müasir dövrün diaspora növlərini izah edir.

Nov 20, 2025

31 min

Yeni videomuzda tarixçi, Qarabağ Universitetinin müəllimi Qulamhüseyn Məmmədovla 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək İranda mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında danışdıq.
Qonağımız bu hökumətin qurulmasına aparan regional və qlobal müstəvidə baş verən tarixi prosesləri, İran, Sovet İttifaqı və digər qlobal qüvvələr arasındakı münasibətləri təsvir edir və Pişəvəri hökumətinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verir.

Nov 17, 2025

13 min

 
Google şirkətinin data təhlilçisi Ağası Quliyevlə qərarların qəbulunda datanın, təcrübənin və instinktlərin rolu barədə söhbət etdik. O vurğulayır ki, data düzgün təhlil edildikdə bizi doğru istiqamətləndirə bilər, amma təhlil zamanı yol verilən nöqsanlar ciddi fəsadlara səbəb ola bilər.
Qonağımız qeyd edir ki, şəxsi həyatda qərarlarımıza təsir edən qərəzlər, xüsusilə Təsdiq və Sağ Qalma Qərəzləri, məlumatı obyektiv qiymətləndirməyə mane olur. O yekunda bildirir ki, ən sağlam qərarlar datanın gücü ilə insan instinktinin balansından yaranır.

Nov 13, 2025

27 min

Yeni müsahibəmiz kompüter elmləri sahəsində ixtisaslaşmada universitet təhsilinin nə dərəcədə vacib olub-olmamasına həsr olunub.
ADA Universitetinin müəllimi Araz Yusubov qeyd edir ki, proqramlaşdırmaya çıxışın asanlaşması yanlış təsəvvür yaradır, lakin bu sahədə effektiv olmaq üçün analitik düşüncə, məlumatlılıq və yaradıcılıq olduqca önəmlidir.
Araz Yusubovun fikrincə, universitetlər artıq özlərini yalnız bilik verən qurumlar kimi deyil, innovasiya və təşəbbüskarlıq mərkəzləri kimi təqdim edirlər.

Nov 10, 2025

14 min

Azərbaycan-Fransız Universiteti artıq on illik fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmi və texnoloji təhsilin mühüm mərkəzinə çevrilib. Həm Azərbaycan, həm də Fransa diplomu qazanmaq imkanı verən universitet bu payız “Su Ehtiyatlarının İdarəedilməsi” adlı yeni magistr proqramına start verib. 
Universitetin baş katibi Martin Qodon bildirir ki, bu ixtisas ölkənin iqtisadi inkişaf prioritetlərinə, eləcə də qlobal trendlərə cavab verir və proqram su, enerji və iqlim problemlərinə elmi və mühəndislik yanaşması ilə həll tapmağa yönəlib.

Nov 6, 2025

12 min

Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik?
Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir.
Məlikov vurğulayır ki, süni zəka dəyərli bir fürsətdir, amma insanın yaradıcılığı və təfəkkürü həmişə ön planda qalmalıdır.
 

Nov 3, 2025

10 min

 
Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir.
Qonağımız vurğulayır ki, evdə kitab oxumaq, gündəlik söhbətlər aparmaq və övladın maraqlarına diqqət yetirmək uşaqların təhsildə böyük fərq yaradır.

Oct 30, 2025

18 min

Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına birbaşa təsir göstərir.
Qonağımız əlavə edir ki, təbiətlə təmas və sərbəst qidalanma vərdişləri uşağın inkişafı üçün olduqca əhəmiyyətlidir və övladlarını bağçaya verən valideynlər bunu mütləq nəzərə almalıdırlar.

Oct 27, 2025

8 min

ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq.
Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox praktiki bacarıqlara çevrilib və bu sahəyə yiyələnmək daha əlçatan olub, lakin ixtisasa həqiqi dəyər gətirən, hər zaman insanların bu sahəyə göstərdiyi maraq və yaradıcı yanaşmadır.

Oct 23, 2025

21 min

Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər.
Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə bağlandıqda və ya müqavilə müddəti başa çatdıqda xitam verilə bilər.
İnsan resursları üzrə mütəxəssis Təranə Qurbanova əmək məcəlləsində nəzərdə tutulan bu müddəaları izah edir.

Version: 20241125