Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jun 9, 2025

9 min

Natiqlik üzrə kouç Coşqun Kərimov öz çıxışında Süni Zəkanın ünsiyyət və insan inkişafındakı rolunun necə dəyişdiyini təhlil edir. O, Süni Zəkanın ictimai çıxış üçün vacib hesab etdiyi dörd “əzələyə” – vaxtın idarə olunması, məzmunun formalaşdırılması, vizual ünsiyyət və enerjinin idarə olunmasına – necə təsir etdiyini izah edir.
Qonağımız vurğulayır ki, Süni Zəka qlobal biliklərə çıxış, vizualların hazırlanması və təqdimat mühitlərinin simulyasiyası baxımından əvəzsiz bir vasitə olsa da, enerjinin ötürülməsi və emosional təsir hələ də yalnız insana məxsus bacarıqlardır.

Jun 5, 2025

15 min

Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə qeyd edir ki, autizm spektr pozuntusu və digər inkişaf fərqliliyi olan uşaqlar öyrənərkən müəyyən çətinliklərlə üzləşirlər. 
Bu problemin həllinə töhfə vermək məqsədilə spikerimiz “Mustafanın lupası” adlı adaptiv mütaliə vəsaitini hazırlayıb. Vəsait uşağın məzmunu anlama bacarığını inkişaf etdirməyə yönəlib və suallar vasitəsilə öyrəndiklərini daha yaxşı qavramağa yardımçı olur.

Jun 2, 2025

13 min

Təxminən iki il əvvəl vəkil Aysel Əhmədova ilə Azərbaycanda vərəsəlik qanunları barədə ictimaiyyətin ən çox verdiyi suallar əsasında bir müsahibə hazırlamışdıq. Bu müddət ərzində həmin müsahibəyə olan marağın artdığını nəzərə alaraq, Aysel xanımla izləyicilərimizin verdiyi 10 yeni sualı əhatə edən növbəti bir müsahibə hazırladıq.
Qonağımız bu dəfəki cavablarında əmlakın bağışlanması, onun bölüşdürülməsi, mirasın varislər arasında necə paylanması, qeyri-rəsmi nikahın vərəsəlik məsələlərinə təsiri, ölkədə daşınmaz əmlaka sahib olan xarici vətəndaşların miras hüquqları və digər aktual məsələlərə toxunub

May 29, 2025

10 min

Sitarə İbrahimbəyli, VarYox platformasının sosial mövzulara diqqət yetirdiyini və küçə heyvanlarının bu mövzulardan olduğunu deyir.
O qeyd edir ki, Azərbaycan dilində uşaqlar üçün müasir reallıqları əks etdirən və empatiya aşılayan kontent kifayət qədər deyil. Fıstıq adlı küçə iti və Aqil adlı oğlanın dostluğundan bəhs edən kitab da məhz bu səbəbdən ərsəyə gəlib.
Qonağımız, heyvanlara qarşı münasibətin uşaqlarda insanlara qarşı münasibətə də təsir etdiyini və bizim uşaqlarda mərhəmət hissinin formalaşmasına önəm verməli olduğumuzu vurğulayır.

May 26, 2025

20 min

Psixologiyada geniş müzakirə olunan “Qaranlıq dördlük” yanaşması haqqında danışan tədqiqatçı Zəhra Murad insanların bu dörd xüsusiyyət – narsisizm, makiavelizm, psixopatlıq və sadizm – barədə daha məlumatlı olmasının vacibliyini vurğulayır.
Qonağımız qeyd edir ki, bu xüsusiyyətlərə malik insanlar güc və səlahiyyət mövqelərinə təbii olaraq cəlb olunurlar, çünki bu mövqelər onların manipulyasiya və nəzarət imkanlarını artırır.

May 22, 2025

13 min

Dietoloq Lala Yaqubova sağlamlığın bahalı “dietik” məhsullardan deyil, sadə və davamlı vərdişlərdən başladığını vurğulayır. O, şəkərsiz və ya “diet” etiketi ilə satılan məhsulların həmişə sağlam olmadığını bildirir, çünki onların bir çoxu bağırsaq florasına və immun sisteminə zərər verən qatqılarla doludur.
Qonağımızla sağlam həyat və faydalı vərdişlər barədə hazırladığımız bu müsahibə, sağlam həyat tərzinə başlamaq istəyən, lakin necə və haradan başlayacağını bilməyənlər üçün yaxşı bir bələdçi ola bilər.

May 19, 2025

11 min

Növbəti müsahibəmizdə molekulyar bioloq Nərmin Axundova qidalanmanın zehni sağlamlığımıza və beyin funksiyalarımıza necə dərin təsir etdiyini izah edir.
Qonağımız bildirir ki, biz çox vaxt qəbul etdiyimiz qidanın hisslərimizə və düşüncə tərzimizə təsirini nəzərə almasaq da, hər bir qida komponenti orqanizmdə parçalanaraq enerji mənbəyinə çevrilir və ya beyin hüceyrələrinin əsas struktur hissələrinin formalaşmasında iştirak edir.

May 15, 2025

18 min

Yeni videomuzda bələdçi Qanı Nəsirov Bakının sürətli şəhərsalma yenidənqurmaları fonunda mədəni, tarixi və memarlıq irsinin qorunmasının zəruriliyini vurğulayır.
Qonağımız Bakının tarixi irsinin təkcə qala divarları ilə məhdudlaşmadığını və mədəni baxımdan əhəmiyyətli olan bir çox ətraf məhəllənin nəzərdən qaçırıldığını qeyd edir.
Şəhər yenilənməsinin təhlükəsizlik, xidmətlər və turizm infrastrukturu baxımından faydalarını tanıyan Qanı Nəsirov bu dəyişikliklərin inklüziv, şəffaf və ictimai iştirakla planlaşdırılmasının vacibliyini vurğulayır.

May 12, 2025

10 min

Təhsil eksperti Yalçın İslamzadə Azərbaycan cəmiyyətində ənənə ilə yenilik arasındakı münasibətə tənqidi yanaşmasını bölüşür. O bildirir ki, ölkə müasir görünməyə çalışsa da, xüsusilə liderlik və bilik anlayışlarında hələ də dərin şəkildə ənənəçi olaraq qalır.
Qonağımız əlavə edir ki, gənc liderlər yaşlarına görə tez-tez ciddiyə alınmır və müdrikliyin yalnız yaşla gəldiyi düşüncəsi hələ də yaşayır – bu isə bir zamanlar yaşlıların icma üçün əsas informasiya mənbəyi olduğu dövrə söykənir.

May 8, 2025

12 min

Sosial iş xeyriyyəçilikdən başlayaraq zamanla Avropa və ABŞ-da peşəkar bir sahəyə çevrildi. Azərbaycanda isə xeyriyyəçilik fəaliyyətləri 20-ci əsrin əvvəlində təhsil və uşaq rifahına yönəlsə də, bu təşəbbüslər Sovet dövründə dayandırıldı.
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli deyir ki, Azərbaycanda bu sahə hələ də təhsil standartlarının, resursların və ixtisaslı müəllimlərin çatışmazlığı ilə üzləşir.
Qonağımız bizimlə söhbətində bu sahənin inkişafının vacibliyindən danışıb.

Version: 20241125