Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Feb 13, 2025

8 min

Dram dərsləri dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai təhsil proqramının vacib bir hissəsidir.
Birləşmiş Krallıq, Kanada, ABŞ, Fransa, Avstraliya, Finlandiya və digər ölkələrdə məktəblərdə tədris edilən dram dərsləri şagirdlərin istedadlarını tətbiq etməsi ilə yanaşı, onların tənqidi düşüncə, özünəinam və sosial bacarıqlarının inkişafına töhfə verir.
Yeni videomuzda teatr rejissoru və Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintacla dram dərslərinin məktəblərdə tədrisinin əhəmiyyəti haqqında danışmışıq.

Feb 10, 2025

19 min

Qonağımız, qrafik dizayner və tədqiqatçı Rəsul Həsən bildirir ki, çoxları dizaynı sadəcə estetika ilə əlaqələndirir, lakin dizaynın funksionallıq tərəfi tez-tez unudulur. Onun fikrincə, Azərbaycanda ictimai məkanlar vizual xaos və qeyri-funksionallıq səbəbindən insanların rifahına mənfi təsir göstərir.
Yeni videomuzda dizayn təhsilindəki çatışmazlıqlar, ölkədə yaradıcı rəqabətin və yeni ideyaların inkişafına maneə yaradan mühit, eləcə də azərbaycanlı dizaynerlərin özünəinam çatışmazlığı haqqında danışmışıq.

Feb 6, 2025

8 min

Su böhranı dünyanın müxtəlif yerlərində icmalara və iqtisadiyyatlara ciddi təhlükələr yaradır. Lakin bu böhranın səbəblərinə baxdıqda, əksər hallarda problemin suyun yoxluğu deyil, su idarəetməsinin düzgün aparılmaması olduğu görünür.
Növbəti qonağımız Şahanə Bilalova su idarəçiliyi üzrə tədqiqatçıdır. Onunla həm iqlim dəyişikliyi, həm də kənd təsərrüfatında istifadə olunan suya tələbatın artması nəticəsində yaranan su böhranının necə düzgün idarə olunması haqqında danışmışıq.

Feb 3, 2025

15 min

Yeni videomuzda qonağımız, nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakının şəhər mobilliyindəki irəliləyişlərdən, o cümlədən rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat və infrastruktur təkmilləşdirmələrinin əhəmiyyətindən danışıb.
Qonağımız avtomobil mərkəzli siyasətdən səmərəli yol hərəkətinin idarə olunmasına keçidin vacibliyini vurğulayaraq, bu çərçivədə ayrılmış avtobus zolaqları, velosiped infrastrukturunun inkişafı və elektrobusların istismara verilməsini qeyd edib.

Jan 30, 2025

8 min

Yəqin ki, bir çoxunuz toksik iş mühitində çalışmağın nə demək olduğunu bilirsiniz. Müxtəlif araşdırmalara görə, işçilərin işdən çıxmasının və ya başqa iş axtarmasının əsas səbəblərindən biri qeyri-sağlam korporativ mədəniyyətdir.
İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə müsbət və sağlam iş mədəniyyətinin yaradılmasının bu səbəbdən nə qədər vacib olduğunu deyir. Onunla toksik iş mühitinin səbəbləri və sağlam iş mühitinin qurulması üçün görülməli olan tədbirlər barədə danışmışıq.

Jan 27, 2025

12 min

“İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanı mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq.
Avtomobil sahiblərinin çoxuna xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir.
Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu qeyd etsə də, növbəti illərdə bu işləri daha iddialı şəkildə davam etdirməyi təklif edir.

Jan 23, 2025

19 min

Azərbaycan turizm sənayesinin hazırkı durumu necədir? Bələdçi Qanı Nəsirov verdiyi müsahibədə pandemiyadan sonra turizm sənayesinin üzləşdiyi çətinliklərdən, Azərbaycan üçün ənənəvi və qeyri-ənənəvi turizm bazarlarından, ölkədə keçirilən tədbirlərin turizmə təsirindən danışıb. O, mövcud nailiyyətlərə baxmayaraq, keyfiyyət üzərində işlərin görülməsinin vacibliyini də vurğulayıb.

Jan 16, 2025

11 min

Yeni videomuzda yazıçı Qismət Rüstəmovla müasir dünyada rasional düşüncəyə, intellektual müzakirələrə və elmi təfəkkürə olan inamın azalması mövzusunda söhbət etdik. Bu tendensiyanın mistik inanclara, konspirasiya nəzəriyyələrinə və psevdointellektual baxışlara olan marağın artması ilə müşayiət olunduğunu vurğulayan yazıçı, çıxışında internet və sosial şəbəkələrin yüksəlişinin media mühitinə necə təsir etdiyindən bəhs etdi. Qonağımız, eyni zamanda, məlumat istehlakçısı kimi məsuliyyətimizin nədən ibarət olduğunu da qeyd etdi.

Jan 13, 2025

24 min

Yeni müsahibəmiz qlobal müstəvidə ifrat sağ hərəkatların yüksəlişi mövzusundadır. Beynəlxalq seçki eksperti Rəşad Şirin bildirir ki, ifrat sağın populist ritorikası tez-tez liberal demokratiyanın legitimliyini sual altına qoyur. Bu hərəkatlar iddia edir ki, ənənəvi siyasi sistemlər immiqrasiya, iqtisadi çətinliklər və mədəni mübahisələr kimi problemləri həll etməkdə acizdir. Qonağımız əlavə edir ki, texnokratik hökumətlərlə əhali arasındakı əlaqənin zəifləməsi demokratik institutlara olan etimadsızlığı daha da artırır.

Dec 19, 2024

12 min

İş müsahibələrində qadınlara və kişilərə verilən suallar arasında fərqlər haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də qadın namizədin evlilik statusu, uşaqlarının olub-olmaması və ya ana olmağı planlaşdırıb-planşdırmaması kimi mövzularla bağlı. İşəgötürən bu suallara ümid etdiyi cavabları eşitməyəndə qadın namizədin seçilmə şansları azalır, işə götürüldüyü halda isə karyera irəliləyişi imkanları məhdudlaşdrlır. Bu cür suallar və yanaşmalar qanuna zidd olsa da, təəssüf ki, tez-tez rast gəlinir.
İş müsahibələrində və iş mühitində cinsi ayrı-seçkilik haqda daha ətraflı hüquqşünas İnara Camal ilə müsahibəmizdə.

Version: 20241125